BİZİ İZLƏ:
+994 50 448 10 28
Top
 

Daşkəsən

Keçmiş Sunqurabad nahiyəsi olan Daşkəsən rayonu Azərbaycan SSR ərazisində 30.08.1930-cu ildə inzibati ərazi kimi yaradılmışdır. Daşkəsən şəhərinin əsası Böyük Vətən müharibəsindən sonra 1948—ci il mart ayının 16-da qoyulub. Rayon əsasən dəmir filizi yataqlarının istifadəyə verilməsi ilə əlaqədar salınıb. Bundan sonra rayona əhali axını güclənmişdir. 1956-cı ilə qədər Dəstəfur rayonu adını daşımış, 1956-cı ildə Daşkəsən adlandırılmışdır. 1963-cü ildə ləğv edilərək ərazisi o dövrkü Xanlar rayonuna verilmiş, 1965-ci ildə isə yenidən müstəqil inzibati ərazi — rayon olmuşdur. Qarabağ müharibəsi dövründə döyüşlərin bir hissəsi Daşkəsənə məxsus kəndlərlə həmsərhəd ərazilərdə getmişdir. Ermənilər Azərbaycanın bir çox əraziləri kimi Daşkəsənə də iddia edir, buradakı Alban məbədlərinin ermənilərə məxsus olması haqda saxta faktlar uydurur, buranın “qədim Ermənistan torpağı” olduğunu təbliğ etməyə çalışırlar. Zağalı, Zivlən, Bayan, Qurubulaq, Əmirvar, Xoşbulaq, Zağalı, Dardərə və başqa kəndlərdə aparılmış arxeoloji qazıntılar bu rayonun ərazisində daş dövrünə aid insan məskənlərinin olmasını sübut edir.

 

Təmiz hava, yaşıllığın bol olması, zəngin fauna, Murovdağ silsiləsi boyunca uzanan meşə massivləri yay aylarında təbiət həvəskarlarını Daşkəsənə cəlb edir. Rayonda Xoşbulaq və Göygöl süni gölləri vardır. Daşkəsənin istilik və rütubətin nisbətindən özünəməxsus torpaq- bitki örtüyü və heyvanat aləmi var. Enliyarpaqlı dağ-meşə landşaftı 600 metrdən 1900 metrədək hündürlüyü olan yamacları örtür. Dağların yüksək sərhədi palıd meşələri ilə tamamlanır. Meşələrdən yuxarı sərhəddə subalp və alp çəmənlikləri yerləşir. Bu çəmənlər yaz vaxtı minbir rəngli xalıya bənzəyir. Subalp çəmənləri və çəmən çölləri meşə qurşağı ilə alp çəmənləri arasında geniş sahə tutur. Burada taxıllı, müxtəlif otlu, yulaflı çəmənlər yerləşir. Subalp çəmənliklərində paxlalılar, gülçiçəklilər, xaççiçəklilər, zəngiçiçəklilər və sair fəsilələrdən olan bitkilər hündür, olduqca təsirli, butaya bənzər ot örtüyü yaradır. Subalp zonasında hündürotlu çəmənliklərdən başqa, çəmən bozqırları, kollu çəmənlər də inkişaf etmişdir. Alp çəmənləri “Alp xalıları” adlanan alçaqboylu otlardan ibarət bitkiliyi ilə subalp çəmənlərindən çox fərqlənir. Bu bitkilər dağ-çəmən torpaqlarında sıx çəmən örtüyü yaradırlar. Qayalı, daşlı yamaclarda seyrək bitki qruplar inkişaf edir. Taxıl otları və çillər hamar dağ yamaclarında sıx qiymətli yay otlaqlarıdır. Yüksək dağların daha rütubətli yamaclarında cil, şahduran, qaytarma, dəstərək, qırtıc, topal və sair şaxələnən kök sisteminə malik otlaq bərk döşənəkli “Alp xalıları” yaradır. Daşkəsən rayonu Kiçik Qafqazın şimal–şərqində yerləşdiyi və səthi şimala doğru alçalan dağlarla əhatə olunduğu üçün olduqca mənzərəli, qışda qismən azalan, yaz-yay, payız mövsümlərində aşıb-daşan dağ çayları ilə zəngindir. Onlardan Göy-göl (Zivlən kəndi), Gəncəçay (Çanaqçı-Dəstəfur kəndləri), Ballıcalı (Qaraqollar), Şəmkirçay (Astaf kəndi), Qoşqarçay (Xoşbulaq kəndi-Daşkəsən şəhəri) çaylarını göstərmək olar. Turizm üçün xarakterik olan Zivlən və Astaf kəndlərində olduqca ecazkar təbiət gözəli olan eyni adlı iki göl – Göy-göl vardır. Rayona xüsusi gözəllik verən, yol boyunca uzanan qalın və seyrək meşələr var. Meşələrdə, əsasən fıstıq, vələs, palıd, cökə, söyüd, göyrüş, qozqara (qaraağac), töləkə və görməşov ağacları bitir. Rayonda insan sağlamlığı üçün xüsusi əhəmiyyət kəsb edən müalicəvi əhəmiyyətli bitkilər var. Onlardan kəklikotu, gülxətimi, qəfli, sarıçiçək, çobanyastığı, boymadərən, boyxoş, andız, qaraçiyələm, qaraçörək, yarpız, daşyarpızı, dəvədabanı, solmazçiçəyi, yasəmən, çəmən, yolotu (qırxbuğum), cincilim qantəpər, şehdərən, dağ bənövşəsi, bənövşə, nərgiz, lilpar, unnuca, gicitkən, qaymaqçiçəyi və s. yerli əhali tərəfindən yığılır. Rayonun gur çeşməli, şəffaf, müalicəvi əhəmiyyətli bulaqları var.