BİZİ İZLƏ:
+994 50 448 10 28
Top
 

Mingəçevir

“Mingəçevir” toponimin necə yaranması barədə müxtəlif ehtimallar mövcuddur. Burada e.ə. I əsrdə məşhur Roma sərkərdəsi Pompey və alban çarı Oris arasında döyüş olmuşdur. Tarixçilərin təsvirinə görə albanlar məhz indiki bəndin ərazisində Pompey qoşunlarını gözləmişlər. Oris ordusunun bir hissəsini ayrı-ayrı manqalara bölüb, ehtiyatda saxlamış və lazım gəldikdə “Manqaça vur” sözləri ilə əmr etmişdir. “Mingəçevir” toponiminin meydana gəlməsində ərəblərin Azərbaycanda olmalarının da müəyyən təsiri olmamış deyil. Elxanilər hərəkatının yatırılması üçün Azərbaycana göndərilmiş ərəb sərkərdəsi Məniçöhrün qızı döyüşlərin birində həlak olur və atası onu yadigar qılıncı və atı ilə birlikdə Kürün sahilində dəfn edir. Ehtimal var ki, “Mingəçevir” sözü Məniçöhrün adı ilə bağlıdır. Mərhum akademik Ziya Bünyadov “Mingəçevir” adını 839-cu ildə xilafətə qarşı çıxmış Babək üsyanını yatırmaq üçün Azərbaycana göndərilmiş ərəb sərkərdəsi Mingəçevir Əl-Fərqaninin adı ilə bağlayır.  Mingəçevir ərazisi yaşayış məntəqəsi kimi çox-çox qədimdir. 5 min il bundan əvvəl Mingəçevirdə kiçik rayon kimi qaynar həyat mövcud olmuşdur. Yerli əhali əkinçilik, sənətkarlıq, balıqçılıq, atçılıq və s. sahələrlə məşğul olaraq özlərinin maddi və mənəvi aləmini yaratmışlar. Sonra gələn minilliklərdə, xüsusilə antik dövrdə də ulularımız özlərinin alban tarixi və mədəniyyətini, ədəbiyyatını yaratmışlar. Bu baxımdan Mingəçevirdə tapılan maddi-mədəniyyət qalıqlarından alban yazıları və kitabə (Mingəçevir – Sudağılan epitafiyası) böyük əhəmiyyət daşıyır. Bu ərazidə yaşayış hələ e.ə.III minillikdə mövcud olmuşdur. Arxeoloji qazıntılar sübut edir ki, burda yaşayan insanlar böyük rayon mədəniyyətinə malik olublar. Tapılan yunan, Roma və arşap pulları sübut edir ki, burda ticarət inkişaf edibmiş. Türk səyyahı Övliya Çələbinin “Səyahət” əsərində Mingəçevirin Kür çayının sağ sahilindəki hissəsində olan yaşayışdan və burda olan toxuculuqdan, hamamxanalardan və s. yazmışdır. Burada aparılan arxeoloji qazıntılar zamanı çox maraqlı qədim əşyalar tapılmışdır. Məsələn, Azərbaycanda tapılmış ən qədim sırğa Mingəçevirdən, Tunc dövrünə aid edilən 5 № -li kurqandan tapılmışdır. İlk dəfə burada 1871-ci ildə həvəskar arxeoloq F.S.Bayer tərəfindən səthi tədqiqat işləri aparılmış, o, Mingəçeviri dirəklər üzərində qurulmuş rayon kimi təsvir etmişdir. Bundan sonra Mingəçevir uzun illər arxeloqların diqqət mərkəzində olmamışdır.