BİZİ İZLƏ:
+994 50 448 10 28
Top
 

Qazax

Azərbaycanda, Qazaxıstanda, Rusiyada bi çox görkəmli araşdırıcı alimlər bu sözün açımıyla bağlı həm bir-birinin üstünə düşən, həm də bir-birindən fərqli ideyalar irəli sürüblər. Azərbaycan türklərinin soykökünün yorulmaz tədqiqatçısı Mirəli Seyidovun “Azərbaycan” jurnalının 1981-ci il tarixli II sayında və “Azərbaycan xalqının soykökünü düşünərkən” adlı əsərində (1989. s.90-118) “Qazax” söz-adıyla bağlı elmi- nəzəri cəhətdən tutumlu araşdırması bu sahədə atılan mühüm addım kimi diqqəti cəlb edir. Mirəli Seyidov “Qazax” sözünün açımından bəhs edən təxminən yüzdən artıq mənbədən yararlanaraq edərək fikrini aşağıdakı kimi ümumiləşdirir: “Qazax sözü 200 ildən çoxdur ki, araşdırıcıların diqqətindən yayınmır. Hə üçün bu müddətdə “Qazax” söz-adı araşdırıcılara təslim olmamışdır? Bunun deyəsən, bir səbəbi vardır. Araşdırıcılar söz-adın ilkin mənasında deyil, bizcə, onun sonradan qazandığı mənalara əhəmiyyət vermişlər” (s.90). Yəni bu sözün sonradan qazılmış “elindən ayrı düşmüş”, “sərgərdan gəzən”, “ucalıq”, “sərhəd gözətçisi”, “dəli atlı”, “azad adam”, “tabe olmayan”, “yüksəklik” və s. mənaları “Qazax” sözünün ilkin, həqiqi mənasını çox mürəkkəb bir məcraya yönəldib. Mirəli Seyidov bu sözün Qazax xalqı, Don kazakları ilə oxşar adlılıq ilgisindən yan keçməyin mümkünsüz olduğuna diqqəti çəkib. O, XVIII əsr rus tədqiqatçıları N. Georgi, Y. O. Rozner, İ. V. Zasedelova və başqalarının “Don kazaklarının rus və tatar qarışığı görünüşləri var” kimi mülahizələrindən, rus knyazlarının poloveslər adlanan qıpçaqları hərbi yürüşlər zamanı icarəyə götürdükləri (s.100) haqqında tarixi həqiqətlərdən bəhs edib. Mirəli Seyidov akademik Ziya Bünyadovun “Azərbaycan VII-IX əsrlərdə” əsərindəki “ərəb müəllifi Əl-Kufiyə görə, (IX əsr) 731/732-ci ildə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd hərbi qərargahını Kasalda (Kazaxda) yerləşdirdi. O, Kasaldan Daryal keçidi vasitəsilə xəzərlərin diyarına hücuma keçirdi” (s.110) kimi məlumata da diqqət yetirir. Əl Kufini məlumatı, Qazaxın tarixini 732-ci ildən hesab etmək cəhdi sonradan yanlış fikirlərin meydana gəlməsinə səbəb olub. Qazaxların və xəzərlərin etnik mənsubiyyəti nəzərə alınmayıb. Ərəblərin Kasalı (Qazaxı) işğal etdikləri tarix Qazaxın yaranması tarixi kimi qeyd edilib.